Zakir Kaya kitaplarının 2. baskısı çıktı

Breaking News

QƏRBİ AZƏRBAYCANIN MƏDƏNİ İRSİ SİLİNMƏYƏ ÇALIŞILAN TARİX, YAŞADILAN YADDAŞ

 



Hazırladığım “Qərbi Azərbaycanda mədəni irsin dağıdılması” mövzusundakı tezisdə xüsusi olaraq Azərbaycan xalqının əsrlər boyu yaşadığı tarixi torpaqlarda formalaşdırdığı zəngin maddi və mənəvi mədəni irsin taleyinə diqqət yetirmişəm.

Qərbi Azərbaycanın tarixi yalnız xəritələrdə qalan bir coğrafiya deyil. Bu torpaqlar Azərbaycan xalqının yaddaşında yaşayan kəndləri, şəhərləri, məscidləri, qəbiristanlıqları, tarixi yaşayış məskənləri, daş kitabələri, sənət nümunələri və nəsildən-nəslə ötürülən mədəni yaddaşı ilə bütöv bir tarix məkanıdır.

Tezisdə vurğulanan əsas məsələlərdən biri Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəni irsin dağıdılması, dəyişdirilməsi və tarixi izlərin aradan qaldırılması ilə bağlı faktlardır. Bu proses təkcə ayrı-ayrı abidələrin fiziki məhvi kimi deyil, həm də bir xalqın həmin ərazilərlə bağlı tarixi-mədəni yaddaşının görünməz hala gətirilməsi problemi kimi araşdırılmalıdır.

Məscidlərin, qəbiristanlıqların, tarixi yaşayış məskənlərinin və digər mədəni irs nümunələrinin məhv edilməsi və ya ilkin görünüşünün dəyişdirilməsi regionun tarixi-mədəni mənzərəsinin təhrif olunmasına gətirib çıxarır.

Mədəni irsə münasibət xalqın tarixə münasibətidir. Bir abidəni dağıtmaqla daş yox, həmin daşın daşıdığı yaddaş hədəfə alınır.

Bu baxımdan məsələ beynəlxalq mədəni irsin qorunması prinsipləri çərçivəsində də mühüm əhəmiyyət daşıyır. 1954-cü il Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Haaqa Konvensiyası, UNESCO-nun mədəni irsin qorunmasına dair beynəlxalq sənədləri və digər müvafiq hüquqi mexanizmlər mədəni sərvətlərin qorunmasını beynəlxalq məsuliyyət məsələsi kimi müəyyən edir.

Qərbi Azərbaycanda Azərbaycan xalqının tarixi-mədəni izlərinin araşdırılması, sənədləşdirilməsi və elmi dövriyyəyə gətirilməsi bu gün xüsusilə əhəmiyyətlidir. Çünki yaddaş qorunmadıqda tarix haqqında təsəvvürlər də dəyişdirilə bilər.

Mənim üçün bu mövzu yalnız elmi araşdırma predmeti deyil. Qərbi Azərbaycan yaddaşı mənsub olduğum Göyçə torpağının, onun insanlarının və yaşadığım ailə yaddaşının da bir parçasıdır. Ona görə də bu mövzuda yazmaq mənim üçün həm yaradıcılıq, həm də mənəvi məsuliyyətdir.

Tarixi yaddaşın ən böyük gücü onun sənədləşdirilməsidir.

Silinməyə çalışılan izlər araşdırılmalı, qorunmalı və gələcək nəsillərə çatdırılmalıdır.


Sona Abbasəliqızı İsmayılova

Yazıçı-publisist, jurnalist

Qərbi Azərbaycan Qadınlar Şurasının Üzvü

Hiç yorum yok